ABŞ sakinləri iqlimə zərər vurmaq qorxusundan kütləvi şəkildə mal ətindən imtina etməyə başlayıblar. Bloomberg xəbər verir ki, əhalinin ətlə bağlı “müharibəsinin” nəticələri istehsalçılar və iaşə şirkətləri tərəfindən artıq hiss olunub. Amerikalılar onun istehlakının ətraf mühitə vurduğu zərəri kömürdən istifadənin zərəri ilə müqayisə etdikcə, mal ətinin pəhrizdən xaric edilməsi tendensiyası geniş vüsət alır. Ekoloqların fikrincə, inək yetişdirilməsi iqlimə dağıdıcı təsir göstərir. Heyvanlar həzm sistemləri sayəsində ömrü boyu çoxlu miqdarda istixana qazları buraxır. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, dünyada insan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazlarının 14,5 faizi heyvandarlıqdan, bunun üçdə ikisi isə mal-qaranın payına düşür. Datassentia tədqiqat firmasının 2020-ci ildə apardığı sorğuya görə, ABŞ əhalisinin 70 faizi ət istehlakını azaltmağın vaxtının çatdığını düşünür, 58 faizi isə artıq meyvə, tərəvəz və bütün taxıllara üstünlük verir. ABŞ kollecləri də mal əti yeməkdən imtina edirlər. Harvard, Stanford və Kanzas Universiteti sağlam və ekoloji cəhətdən təmiz qidaya keçid üçün xüsusi proqrama qoşulub. “Zülal müharibəsi”nin zərbəsini ilk hiss edən amerikalı fermerlər oldu. İnvestorlar süni ət yetişdirən startaplara daha çox sərmayə qoymağa başlayıblar. Bu səbəbdən ət restoranları ya bizneslərini ixtisar etməli, ya da menyusunu tamamilə dəyişməli olurlar. Kearney-nin araşdırmasına görə, qlobal ət satışı 2025-ci ilə qədər nəzərəçarpacaq dərəcədə azalmağa başlayacaq və 2040-cı ilə qədər mal əti əvəzediciləri ümumi məhsul bazarının 33 faizini tutacaq. Mütəxəssislər bütün ölkələrdə milyonlarla insanın mal əti yeməkdən imtina etməsini də qeydə alıblar. Onun ümumi istehsaldakı payı 1961-ci ildən 2018-ci ilə qədər 19 faiz azalıb.